Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycan türkü olan aşıq.
== Həyatı ==
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı.
Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.